Şahbuz rayonunda yeniyetmələrin və onların valideynlərinin iştirakı ilə “Sağlam ailə, sağlam gələcək” adlı seminar keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə ailə dəyərləri, erkən nikahın fəsadları, evlilik öncəsi zəruri tibbi prosedurlar və sağlamlıq məsələləri müzakirə olunub.
Nazirliyin əməkdaşı Azadə Əliyeva və rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Fərhadlı çıxış medərək Azərbaycanda formalaşan ailə institutu barədə danışıb, bu sahədəki zəngin ənənələrin, dəyərlərin yaşadılması və gənc nəsil arasında təbliği, erkən nikahlar, onların törətdiyi sosial və psixoloji fəsadlar barədə fikirlər səsləndiriblər. Psixoloq-pedaqoq Zeynəb Mehdiyeva, terapevt həkimi Nigar Səfərova öz sahələrinə uyğun olaraq ailə qurmaq ərəfəsində olan gənclərin diqqət edəcəyi məsələlər barədə danışıblar.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Diskussiya formatında davam edən tədbirdə gəncləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.